15 iyun tarixdə xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, hüquq-mühafizə orqanları əməkdaşları, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılmış Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər, xatirəsini dərin ehtiramla yad etdilər.
Xocalı rayon Mədəniyyət evində keçirilən tədbiri giriş sözü ilə Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva açaraq bildirdi ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda vətəndaş müharibəsinin, qardaş qırğını təhlükəsinin, xaosun, hərcmərcliyin baş alıb getdiyi ağır məqamda Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət quruculuğunda inkişaf mərhələsi yarandı. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən demokratik dövlət quruculuğunda və möhkəmləndirilməsi istiqamətində əməli addımlar atmağa başladı, ölkəmizdə ictimai-siyasi sabitlik bərpa olundu. Qısa müddət ərzində seperatçı qüvvələr, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, atəşkəsə nail olunaraq erməni təcavüzünün qarşısı alındı. Bütün bunlar onu deməyə əsas verir ki, Ulu öndərin 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas etdi. Azərbaycan xalqı buna görə də 15 iyun tarixini özünün əsl qurtuluş tarixi və milli bayram günü kimi qeyd edir.
Daha sonra Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək Dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı. Rayonumuzun rəhbəri bildirdi ki, Heydər Əliyev həyat və fəaliyyəti daim araşdırılmalı olan dahi şəxsiyyətlərdəndir. Ulu öndərin irsi bütün zamanlarda dövlət quruculuğu yoluna işıq salan, özündə dərin konseptual məqamları əks etdirən mükəmməl sistemdir. Dünyada geosiyasi proseslərin sürətlənməsi ilə meydana çıxan riskləri aradan qaldırmaq, təhdidlərin öhdəsindən layiqincə gəlmək və müstəqil demokratik dövlət quruculuğunu daha da yüksəkliklərə qaldırmaq üçün mütləq Ümummilli liderin irsinə müraciət etmək gərəkdir.
Azərbaycan üçün çox mürəkkəb olan mərhələdə tarixi təcrübə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi zərurətini ortaya qoyurdu. Müdrik Azərbaycan xalqı bu tarixi zərurəti dərk etdi və Ulu öndər ölkəyə rəhbərliyə başladı. Həmin məqamda Heydər Əliyevin dahiliyi bütün parlaqlığı ilə özünü göstərdi.
Şahmar Usubov Ulu öndərin siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən də bəhs etdi. Azərbaycanın daha da güclü, qüdrətli dövlətə çevrilməsi üçün Cənab Prezident İlham Əliyevin Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini vurğuladı.
Tədbir Xocalı rayon uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin, həmçinin ümumtəhsil məktəblərin istedadlı şagirdlərinin oxuduğu mahnılarla, milli musiqi alətlərində ifaları və milli rəqsləri ilə davam etdirildi.